Qayda-qanun və ərazi bütövlüyü - Azərbaycanın zəfər salnaməsi - Şərh

13:05 20.09.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

"1993-cü ildə Heydər Əliyev parlament iclasında belə bir ifadə işlətmişdi: “Populist çıxışların vaxtı deyil, qanun-qayda vaxtıdır.” Bəli, populist siyasətin dövlətə fəsadları çoxdur. Qısa müddətə hesablanan siyasi texnologiya olaraq siyasətşünaslar bundan istifadə etsələr də, uzunmüddətli nəticələri dövlətçilik üçün olduqca təhlükəlidir".
 
Bu fikirləri hafta.az-a şərhində "YENİ XƏTT" siyasi tədqiqatlar mərkəzinin rəhbəri Ramil Hüseynov deyib.
 
R.Hüseynov qeyd edib ki, bu siyasətin həm iqtisadi, həm də siyasi fəsadları var. Onun fikrincə, xalq-elita qarşıdurması üzərində qurulan populist davranış cəmiyyətdə parçalanmaya gətirib çıxarır, demokratik normaları pozur və uzunmüddətli dövlət strategiyasına ciddi zərbə vurur:
 
"Cəmiyyətdə rasional düşüncəni zəiflədir, insanları sadəlövh vədlərlə manipulyasiya edir. Xarici siyasətdə isə populist yanaşma sabitliyi pozmağa hesablanır, ictimai və milli həmrəyliyi zəiflədir. İndi sual yaranır: niyə siyasətşünas populistlər bundan istifadə edirlər? Məqsəd nədir? Dövləti zəiflətməkmi, xaos yaratmaqmı, yoxsa şəxsi ambisiyalarını həyata keçirərək dövlət maraqlarını qurban verməkmi?
 
Dövləti proteksionizmə və izolyasiyaya sürükləmək istəyənlər qlobal əməkdaşlığa zərbə vurur, sivil dünyaya inteqrasiyanı isə qaratikanla çəpərləməyə çalışırlar. Halbuki qayda-qanun dövlət idarəçiliyində sabitlik və ardıcıllıq yaradır, qanunsuzluqla mübarizəni gücləndirir, vətəndaşların inamını möhkəmləndirir, beynəlxalq aləmdə isə dövlətin imicini və etibarlılığını artırır. Biz qayda-qanun yaratmaqla bunlara nail olmuşuq. Prezident İlham Əliyev hüquqa söykənən idarəçilik modelini gücləndirməklə hüquqi dövlət prinsipini möhkəmləndirdi və hüquqi nizam əsasında uzunmüddətli sabitlik yaratdı. Rasional düşüncənin faydalarını institusional idarəetmə ilə tətbiq etməsi isə cəmiyyətin əksər təbəqəsində üstünlük qazanmağa gətirib çıxardı. Ən əsası isə, ərazi bütövlüyümüz bərpa olundu. Torpaqlarımızı işğal etmiş vandallar Azərbaycan qanunları qarşısında istintaqa cəlb edildi. Antiterror əməliyyatı nəticəsində Azərbaycanın bütün suveren ərazilərində bayrağımız əzəmətlə dalğalandı, separatizmə isə son qoyuldu. Bu, Ali Baş Komandanın həm siyasi, həm də hərbi strategiyasının parlaq təntənəsi idi. Erməni quldurlarını Yevlaxa gəlməyə məcbur etdi. Bu addım, siyasi mənada, millətimizin və dövlətimizin qüruruna xələl gətirməyə çalışanların çirkin ideologiyasını əbədi olaraq dəfn etdi. Bu gün artıq ikinci ildir ki, Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin azadlıq günü Azərbaycanda böyük qürur və iftixar hissi ilə qeyd olunur".
 
Populist siyasətçilərin heç zaman Xankəndinin Azərbaycan torpağı olduğuna inanmadqlarını vurğulayan ekspert qeyd edib ki, onlar böyük dövlət xadimi Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin ərazi bütövlüyümüzü tam bərpa edəcəyinə inanmırdılar. Lakin qayda və qanunun aliliyi, beynəlxalq hüquq prinsipləri, şanlı Ordumuzun gücü və qətiyyətli, çevik, dəqiq diplomatiyamız sayəsində bu gün torpaqlarımız azaddır:
 
"Bu azadlıq yalnız Azərbaycanın deyil, bütövlükdə regionun və sivil düşünən dünya dövlətlərinin azadlığıdır. Bütün insanların qəlbində yandırılan bu istiqlal çırağı əbədi olaraq yanacaq. O çıraqları söndürməyə cəhd edənlər, əslində hansı xəyanətin üstündə oturduqlarının fərqindədirmi? Təəssüf ki, hələ də yox. Dəvətlərlə fəxr edənlər! Siz bu uğurlarla fəxr etmək imkanını, bu dəyərləri niyə öz içinizdə məhv etdiniz? Axı siz də bu dövlətdə yaşayırsınız, sizdən əvvəlkilər də, sizdən sonrakılar da bu dövlətdə yaşayıb və yaşayacaq. Milli və dövlət məsələlərində emosional manipulyasiyaları davam etdirməyin, çünki oturduğunuz xəyanət ağacının kökünü İlham Əliyev kəsib. Boşluqda qalmayın özünüzə, cəmiyyətə və dövlətə xeyir verən məkan seçin.
 
Qüdrətli Azərbaycan! Suverenliyiniz və zəfəriniz mübarək! Bu zəfər xalqımızın birlik, iradə və fədakarlığının nəticəsidir. Şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı isə əbədi olaraq yaddaşımızda yaşayacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları qarşısında baş əyirik. Qazilərimizə isə sağlamlıq, uzun ömür və səbr arzulayırıq. Onların qəhrəmanlığı bu xalqın yaddaşında əbədi yaşayacaq".